Dələduzların dərsini ver! Məlumatlarının təhlükəsizliyinə diqqət et.

28 yanvar 2026

Dələduzların dərsini ver

Məlumatlarının təhlükəsizliyini qoru

Rəqəmsal dünyada məlumatlı davranmaq – dələduzlara “dərs vermək”, bəlkə ondan da ötə bir təcrübədir. Dələduzların ən sevdiyi şey sənin tələsik qərarların, ən qorxduğu şey isə sənin qaydaları bilməyindir. Bu yazıda məqsəd sadədir: məlumatlarını qorumağı gündəlik vərdişə çevirmək və dələduzların dərsini vermək.

 

Məlumatlarını qoru: OTP kodu paylaşma

 

Razılaşaq ki, rəqəmsal ödənişlər həyatımızı xeyli asanlaşdırıb: pul köçürürük, onlayn alış-veriş edirik, mobil bankçılıqla bir neçə saniyəyə əməliyyatları tamamlayırıq. Amma bu rahatlığın narahat tərəfləri də var. Məsələn, kiberdələduzluq. Dələduzlar “indi keç”, “indi daxil ol”, “tələs”, “indi təsdiqlə” deməklə, texnologiyanı daha çox insan emosiyalarına qarşı istifadə edə bilirlər. “Məlumatlarını qoru” rubrikası üçün qısa və praktik təhlükəsizlik bələdçisi sənə önəmli nüansları xatırladacaq, bəlkə də öyrədəcək.

 

Dərs 1: OTP kodu paylaşma

 

Bank tərəfindən göndərilmiş OTP kodu (birdəfəlik təsdiq kodu) sənin son alış əməliyyatını təsdiqləməyin üçündür. Bu kodu kiməsə demək, sanki evinin açarını yad adama uzatmaq kimidir.

 

Qızıl qayda: OTP kodunu heç kimə demə. Nə “bank əməkdaşıyam” deyənlə, nə “kartında problem var” deyənlə, nə də “sənin adından əməliyyat gedir, kodu de, ləğv edək” deyənlə heç bir parol, ya da şifrə paylaşmaq olmaz.

 

Dələduzların ən çox işlətdiyi cümlələr:

 

  • “Hesabınızdan pul çıxır, indi təsdiqləməsəniz gec olacaq”;
  • “Kart bloklanıb, açmaq üçün kod lazımdır”.

 

Bu cümlələr panika yaratmaq üçündür. Tək məqsəd OTP kodu əldə etməkdir. Təhlükəsizlik bankın sistemləri ilə güclənir, sənin vərdişlərinlə isə tamamlanır. Sən diqqətli olsan, dələduzlar da dərsini almış olacaqlar.