İctimai yerlərdə internetə tez qoşulmaq istəyirik: kafedə, hava limanında, mall-larda.
İş burasındadır ki, dələduzlar da bunu bilir və açığı, xüsusi səy də göstərmirlər. Bir sözlə, sənin tələsik addımın onların işini asanlaşdırır. Açıq Wi-Fi mövzusunda əsas dərs budur: qoşulmazdan əvvəl yoxla, qoşuldunsa, ehtiyatlı davran.
Dərs 2: Açıq Wi-Fi şəbəkələri: qoşulmazdan əvvəl yoxla, məlumatlarını qoru
Bu yazı Təhlükəsiz İnternet Günü mesajını praktik qaydaya çevirir: tanımadığın şəbəkəyə qoşulma və açıq şəbəkədə bank əməliyyatı etmə.
Niyə açıq Wi-Fi risklidir?
Açıq şəbəkələrdə əsas problem budur ki, bağlantı “hamı üçün açıq” rejimindədirsə, ora pis niyyətli şəxslər də daxil ola bilirlər. Bu zaman məlumatların izlənməsi, saxta səhifələrə yönləndirmə kimi hallar ola bilər və olur da.
Sadəcə bunları etsən, təhlükə səndən yan keçəcək:
Qoşulmazdan əvvəl şəbəkənin həqiqətən həmin məkana aid olduğundan əmin ol.
Təcrübədə ən çox aldadılan şəxslər şəbəkənin adını tanış və ya oxşar görürlər, daha sonra daxil olmağa çalışırlar. Eyni adda bir neçə şəbəkə görürsənsə, ehtiyatlı ol: bu, saxta şəbəkə ola bilər.
Açıq şəbəkəyə qoşulmusansa, bank əməliyyatı etmə və şəxsi məlumatlarını yazma.
Açıq şəbəkədə ən doğru davranış bu olar ki, dəyərli məlumatları oradan birmənalı uzaq tutasan.
Təhlükəsizlik sənin davranış və vərdişlərinlə tamamlanır. Sən diqqətli olsan, dələduzlar da dərsini almış olacaqlar.
