Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb

08 April 2026

Müqavilə Expressbank ASC-nin İdarə Heyətinin sədri Mehman MəmmədovAgentliyin İdarə Heyətinin sədri Samir Axundov tərəfindən imzalanıb.

 

İmzalanmış sənədə əsasən, Enerji Effektivliyi Fondunun vəsaitləri hesabına enerji resurslarından səmərəli istifadəni təşviq edən layihələrin maliyyələşdirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu çərçivədə Expressbank müvəkkil kredit təşkilatı qismində çıxış edərək ayrılan vəsaitləri fiziki və hüquqi şəxslərə təqdim edəcək.

 

Müqavilə enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, onların şərtləri, düzgün və təyinatı üzrə istifadəsinə nəzarət, eləcə də, geri qaytarılması və hesabatlılıq mexanizmlərini əhatə edir; bu çərçivədə əsas məqsəd resurslardan daha səmərəli istifadəni təmin etmək və innovativ yanaşmaları təşviq etməkdir. KOB-un bu imkanlardan faydalanması məqsədilə kreditlər 5% illik dərəcə ilə 15 ilə qədər, maksimum 10 milyon manat məbləğində təqdim olunacaq.

 

Tədbir zamanı Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir və  dəstək rolunu oynayır.

 

Öz növbəsində, Expressbankın İdarə Heyətinin sədri Mehman Məmmədov qeyd edib ki, bu əməkdaşlıq Expressbank ASC-ın dayanıqlı bankçılıq prinsiplərinə sadiqliyini əks etdirir və enerji səmərəliliyini artıran layihələr vasitəsilə yaşıl iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir. Həmçinin, bu addımların bankın ESG istiqamətində məsuliyyətli maliyyə institutları arasında mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

 

Qeyd edək ki, bu təşəbbüs ölkədə enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməklə yanaşı, sahibkarların və vətəndaşların daha əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək.

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.